Ünsiyyət zamanı seçdiyimiz dil münasibətlərimizin formalaşmasında və münaqişələrin həllində olduqca önəmlidir. Bunun fərqində olmamaq başqalarını və özümüzü incitməyimizə səbəb ola bilər.
Hazırladığımız bu praktiki vəsait sizi qeyri-zorakı ünsiyyət növü və onun tətbiqi ilə tanış edəcək.
Qeyri-zorakı ünsiyyət insanlar arasında qarşılıqlı empatiya hissinə əsaslanan, pozitiv münasibətlərin formalaşmasına yönələn, münaqişələrin qarşısını almağı hədəfləyən metoddur. 1960-cı illərdə Marşal Rozenberq tərəfindən irəli sürülən bu metodun mahiyyəti eqosentrik və zorakı davranışdan imtina edərək qarşı tərəflə empatiya qurmaqdadır.
Qeyri-zorakı ünsiyyət 4 əsas komponent - müşahidə, hisslər, ehtiyaclar və istəyin formalaşması üzərində qurulub:
Üzləşdiyimiz vəziyyətlərə qiymət vermədən (qınamadan), onları obyektiv reallıq olaraq nəzərdən keçirmək.
Nə hiss etdiyimizə diqqət yetirmək
Hisslərimizin hansı ehtiyaclardan qaynaqlandığını aydınlaşdırmaq
Nə istədiyimizi müəyyənləşdirmək və ifadə etmək.
Qeyri-zorakı ünsiyyət zamanı biz başqalarının da müşahidəsi, hissləri, ehtiyacları və istəyini qəbul etməyə hazır olmalıyıq.